Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
18 Noyabr , 2019

Göyçaylı məktəblilər də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində Quba rayonuna yola düşüblər

2019-11-18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalarin növbəti mərhələsinə start verilib.
Tur-aksiya çərçivəsində noyabr ayının 18-də səhər saatlarında Göyçay rayonundan olan 40 şagird Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur aksiyada iştirak etmək üçün yola salınıblar. Rayon icra hakimiyyətinin və təhsil şöbəsi işçilərinin, valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Yolasalma mərasimində çıxış edən natiqlər Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Valideynlər çıxışlarında şagirdlərin dünyagörüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Mərasimdən sonra əllərində üçrəngli Azərbaycan bayrağı olan tur-aksiya iştirakçıları musiqi sədaları altında hər cür şəraiti olan avtobusla Quba rayonuna yola düşüblər. Məktəbliləri rayon icra hakimiyyətinin nümayəndəsi, yüksək təşkilatçılıq qabiliyyətinə malik 4 nəzarətçi müəllim və həkim müşayiət edir.