Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
2 Aprel , 2019

Göyçayda soyqırımı qurbanlarının xatirə kompleksi açılıb

2019-03-31

Göyçayda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü müxtəlif tədbirlərlə qeyd olunub. Martın 31-də rayon rəhbərlərinin, ziyalılarının, ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə Göyçay şəhərindəki Şəhidlər xiyabanında Soyqırımı qurbanlarının xatirə kompleksinin açılışı olub.
Mərasim iştirakçıları yeni açılan 31 mart – Azərbaycanlıların Soyqırımı abidəsinin önünə gül dəstələri düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə toplantıda çıxış edərək ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımından və deportasiya siyasətindən danışıb. Bildirib ki, Azərbaycanın qədim və əzəli torpaqlarında “Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçiləri bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atıb, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər, qətliamlar törədiblər. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında və aprelin əvvəlində Bakı, Şamaxı, Göyçay, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar həyata keçirib, on minlərlə soydaşımızı qətlə yetiriblər.
İcra başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilən hadisələrə siyasi qiymət verilib. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı barədə indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəddir.
Tədbirdə azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Hazırda bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırılıb.
Çıxışlarda vurğulanıb ki, erməni terroru təkcə 1918-ci ilin mart soyqırımı ilə məhdudlaşmır. Ötən əsrin sonunda 1 milyonadək soydaşımız doğma torpaqlarından didərgin salınıb, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılaraq dağıdılıb, evlər vəhşicəsinə talan edilib, minlərlə insan qətlə yetirilib, girov götürülüb və itkin düşüb.
Qeyd olunub ki, bu gün çiçəklənən, güclü orduya malik Azərbaycan çirkin əməllərindən əl çəkməyən erməni daşnaqlarının məkirli niyyətlərinə qarşı hər an cavab verməyə hazırdır.