Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Göyçay rayonun görkəmli şəxsləri
30 Avqust , 2016

Səməd Salman oğlu Süleymanov 1906-cı il dekabrın 7-də Göyçay rayo-nunun Potu kəndində anadan olub. Əvvəlcə Potu kənd, sonra isə Göyçay şəhər məktəbində təhsil alan Səməd Süleymanov 1922-ci ildə ibtidai təhsili-ni bitirəndən  sonra Kirovabad (indiki Gəncə) Kənd təsərrüfatı texnikumunda təhsilini davam etdirib. 1928-ci ildə isə oranı bitirib. Həmin idən 1930-cu ilin sentyabrınadək Kürdəmir rayon Mollakənd kəndində aqrotexnik, sonra torpaq məntəqə-sinin müdiri kimi fəaliyyət göstərib. 1930-cu ilin sonunda partiya orqanları tərəfindən ali təhsil almaq üçün Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna göndərilir. 1934-cü ildə oranı aqronom-iqtisadçı ixtisası üzrə bitirib və 1937-ci ilədək Göyçay Torpaq şöbəsində aqronom vəzifəsində çalışıb. Həmin ildən etibarən yerli partiya orqanlarının qərarı ilə SSRİ Mərkəzi Statistika idarəsi sisteminə köçürülüb və bu idarənin Göyçay rayonu üzrə müfəttişi vəzifəsinə irəli çəkilib. 1939-1942-ci illərdə Göyçay şəhər Statistika idarəsinin rəisi, 1942-1963-cü illərdə isə Azərbaycan SSR Mərkəzi Statistika idarəsinin rəisi vəzifəsində çalışıb. Çoxillik səmərəli fəaliyyətinə görə S.Süleymanov “Lenin ordeni” ilə təltif olunub. 1958-ci ildə o, Ümumittifaq Kənd təsərrüfatı sərgisinin iştirakçısı olub və ÜKTS Baş komitəsinin qərarı ilə qızıl medala layiq görülüb. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə 1964-cü ildə ona Azərbaycan SSR fəxri iqtisadçısı adı verilib. Azərbaycan SSR Nazirər Kabinetinin 19 fevral 1963-cü il tarixli qərarı ilə ona respublika əhəmiyyətli, SSRİ Nazirlər sovetinin 5 iyun 1972-ci il tarixli qərarı ilə isə ittifaq əhəmiyyətli fərdi təqaüd təyin olunub. 1963-1977-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətində baş məsləhətçi vəzifəsində çalışan Səməd Süleymanov 1977-ci ildə səhhətilə əlaqədar olaraq öz xahişilə işdən azad olunub. Gözəl iqtisadçı, tanınmış ictimai xadim Səməd Süleymanov ömrünün yarıdan çoxunu Azərbaycan iqtisadiyyatının inkişafına sərf edib ki, bu da gözəl insanın, peşəkar bir iqtisadçının öz sənətini sevməsinin və ondan zövq almasının parlaq bir nümunəsidir.