Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
2 Noyabr , 2018

Göyçayda “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib

2018-11-02

Noyabrın 2-də Göyçay şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının, rayon icra hakimiyyətinin, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Göyçayın mərkəzində ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Elmi-praktik konfransı açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin aqrar sektorun inkişafı, əhalinin qida təhlükəsizliyinin təmin edilməsi, maddi rifahının yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayaraq, tədbirin nar bitkisi və məhsullarının multidssiplinar problemlərinə həsr olunduğunu bildirib. Akademik aqrar sahənin ətraf mühitə ziyan vurmadan elmi əsaslarla inkişafı, məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, ixracyönümlü məhsul istehsalının artırılması, kənd təsərrüfatı məhsullarına ehtiyacın daxili istehsal hesabına təmin edilməsinin elmin qarşısında duran mühüm vəzifələr olduğunu diqqətə çatdırıb. O, AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında sentyabr ayında imzalanan qarşılıqlı əməkdaşlığa dair memorandumdan da bəhs edərək, sənəddə prioritet istiqamətlər üzrə əməkdaşlığın müəyyənləşdirildiyini və icrası ilə əlaqədar əməli fəaliyyətə başlanıldığını diqqətə çatdırıb.
Akademiyada biologiya üzrə müasir dünya standartları səviyyəsində tədqiqatların aparıldığını deyən alim AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda həyata keçirilən “Genom və transkriptom səviyyəsində bitki genetik ehtiyatlarının identifikasiyası, onların saxlanılması və səmərəli istifadəsi üzrə dayanıqlı sistemin yaradılması” adlı tədqiqatı xüsusilə qeyd edib: “Son dövrlərdə qəbul edilmiş bir sıra dövlət proqramlarında ənənəvi kənd təsərrüfatı bitkilərinin inkişaf etdirilməsi əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycana valyuta qazandıracaq bitkilərin siyahısında fındıqdan sonra nar bitkisi önəmli rola malikdir”. A.Əlizadə onu da vurğulayıb ki, ilk dəfə olaraq AMEA və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib: “Ən mühüm addımlardan biri, dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun oxunması və genom məlumatlarının ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınmasıdır. Nar genomunun oxunması nəticəsində əldə olunan yüksək keyfiyyətli referens genom nar bitkisinin iqtisadi əhəmiyyət kəsb edən xüsusiyyətlərinin yaxşılaşdırılması üçün mövcud yol xəritəsidir və bu, genom məlumatlarını birbaşa təsərrüfat əhəmiyyətli əlamətlərlə əlaqələndirməyə imkan verəcək”.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorda həyata keçirilən islahatlardan, bu islahatların əhəmiyyətindən danışıb. o, kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilərin yüksəldiyini, bu sahədə islahatların daha böyük nəticələr verəcəyinə əminliyini bildirib.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə konfrans iştirakçılarını şəhərdə görməkdən məmnun olduğunu bildirib. Qonaqları nar bayramı münasibətilə təbrik edərək, konfransın işinə uğurlar arzulayıb. Mehdi Səlimzadə nar bayramının ölkəmizə gələn qonaqların böyük marağına səbəb olduğunu, bu bayramın həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərdiyini söyləyib.
İcra hakimiyyətinin başçısı rayonda sosial-iqtisadi inkişaf və kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar barədə də məlumat verib. Narçılığın iqtisadi cəhətdən gəlirli sahə olduğunu vurğulayan M.Səlimzadə rayon üçün ənənəvi sayılan bu sahənin inkişafına dəstəyin davam etdiyini bildirib, məhsuldar nar sortlarının yetişdirilməsi, yeni bağların salınması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanda dövlətin elmə yüksək dəstək göstərdiyini qeyd edərək, BMT-nin İnkişaf Proqramı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən danışıb.
BMT-nin Ərzaq Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Mələk Çakmak Azərbaycanın aqrar sahədə böyük potensiala malik olduğunu və son illər ölkəmizdə mühüm nailiyyətlərin əldə edildiyini deyib. Mələk Çakmak FAO-nun Azərbaycanda həyata keçirilən layihə və proqramları barədə də məlumat verib.
Konfransda AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov “Nar bitkisi və insan sağlamlığı” mövzusunda çıxış edib. Alim narın xalq təbabətində və müasir tibdə geniş istifadəsindən, onun mədə xəstəliklərinə, astma, angina, sinqa, ateroskleroz və bir çox digər xəstəliklərə, eləcə də nar qabığının xərçəngə qarşı müalicəvi əhəmiyyətindən, nar çəyirdəyi yağının arterial damarların təmizlənməsində faydalarından söz açıb.
Sonra çıxış edən AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafında ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına xüsusi diqqət yetirdiyini bildirib. Bununla bağlı bir çox sərəncamların imzalandığını xatırladıb.
Z.Əkbərov “Azərbaycanda narın bioloji müxtəlifliyi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda tarixən yetişdirilən nar sortlarından, narın genetik müxtəlifliyinin bioekocoğrafi tədqiqindən söz açılıb, bu sahədə mövcud problemlərdən və onların həlli istiqamətində tövsiyə olunan metodlardan danışılıb. Alim bildirib ki, narın zəngin genetik müxtəlifliyinin cəmləşdiyi, onun üçün tam əlverişli olan geniş ərazidə bu bitkinin yerli və introduksiya sort və formalarının toplanıldığı “Narın Canlı Təbiət Muzeyi”nin – milli genofond bağının yaradılmasına zərurət var.
Bakı Dövlət Universitetinin fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov “Nar meyvəsindən alınan ekstraktda nanohissəciklərin bioloji sintezi və nitratların təmizlənməsi”, AMEA Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Nar bitkisinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri”, AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov ““Azərbaycan gülöyşəsi” nar sortunun genomunun oxunması”, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aparıcı elmi işçisi, professor Əlibala Əlizadə “Üzvi gübrələr ekoloji təmiz nar məhsulu istehsalında” mövzularında çıxış ediblər.
Daha sonra elmi-praktik konfrans məruzələr ətrafında müzakirələrlə davam edib.
Konfransın qətnaməsində qeyd olunub ki, müzakirələrin, təhlil və təkliflərin nar və onun məhsullarının istehsalında, emalında, saxlanmasında, istehlak və ixrac potensialının artırılmasında və bu sahədə elmi tədqiqatların inkişafında əhəmiyyəti nəzərə alınsın. Bundan əlavə, qətnamədə biotexnologiya, gen mühəndisliyi, İKT və sair sahələrin cəlb edilməsi ilə narın genetik tədqiqinə dair proqramların hazırlanması, hər bölgəyə və sorta uyğun yeni becərmə aqrotexnologiyalarının işlənilməsi, nar bitkisi üçün geniş ərazidə canlı təbiət muzeyinin yaradılması, narçılıq üzrə elmi əsaslı Dövlət Proqramı layihəsinin hazırlanması və müvafiq dövlət orqanları qarşısında bu barədə vəsatət qaldırılması və digər məsələlər də yer alıb.