Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Xəbərlər
5 Aprel , 2018

Göyçay şəhərinin küçələrindən birinə aprel döyüşlərində şəhid olmuş Teymur Qasımovun adı verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, hərbçilər, ictimaiyyət nümayəndələri, gənclər, şəhidin ailə üzvləri, küçənin sakinləri iştirak edib.
Tədbirdə çıxış edənlər 2016-cı ilin aprel döyüşlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dönüş nöqtəsi kimi qiymətləndirib. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut ediblər. Ən başlıçası isə aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirib. Belə ki, aprel döyüşləri Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut edib. Düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar.  Dörd günlük aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını göstərib.
Təəssüf hissi ilə qeyd etməliyik ki, müharibələr itkisiz olmur. Göyçay rayonu Çaxırlı kənd sakini, 1996-cı il təvəllüdlü Qasımov Teymur Mikayıl oğlu da 2016-cı il aprelin 3-də Füzuli rayonunun Horadiz qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə Teymur Qasımov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının Sərəncamına əsasən Göyçay şəhərinin 49-cu məhəlləsindəki küçələrdən birinə Teymur Qasımovun adı verilib. Məlumat verilib ki, həmin ərazi rayonda yeni salınmış yaşayış məhəlləsidi, küçədə 50 ünvan var və 200 nəfər əhali yaşayır.
Şəhidin atası Mikayıl Qasımov çıxış edərək oğlu ilə qürur duyduğunu və onun qanının yerdə qalmayacağına, düşmənlərdən qisasının alınacağına əmin olduğunu bildirib. O, şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinin daim yad edilməsindən söz açıb. Mikayıl Qasımov dövlət tərəfindən şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra Teymur Qasımov küçəsinin başlanğıcında şəhidin adına qurulan xatirə lövhəsinin açılışı olub. İctimaiyyət nümayəndələri Çaxırlı kənd qəbristanlığına gedərək şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Sonra onun yaşadığı evdə anım mərasimi olub, ehsan verilib, şəhidin ruhuna dualar oxunaraq Allahdan ona rəhmət diləyiblər.