Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
İlin yubilyarları
3 Yanvar , 2018
Maarif xadimi
Abdulla bəy İsmayıl oğlu Əfəndizadə (Əfəndiyev) 1873-cü il mart ayının 3-də Şəkidə anadan olmuşdur.
1880-1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almışdır.
1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır.
1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlamışdır. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və məktəb müdiri vəzifələrində işləmişdir.
A. Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I (1906) və II (1907) qurultaylarında fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə “İkinci il” dərsliyini yazıb nəşr etdirmişdir.
O, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu”na əsasən Nuxa (Şəki) şəhərindən ADR parlamentinə deputat seçilmişdir. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olmuş, 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əfəndizadə Maarif Nazirliyinin əlifba islahatına dair təşkil etdiyi kommissiyanın tərkibində çalışmışdır. Müzakirəyə təqdim etdiyi əlifba layihəsi komissiya tərəfindən bəyənilmişdir. Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin “Son türk əlifbası” adlı əlifba dərsliyinin (1919) nəşrinə icazə verilmişdir.
A.Əfəndizadə ədəbi yaradıcılıqla məşğul olmuş, “Rüstəmin yuxusu, yaxud röyası” (1906), “Şagirdlərə hədiyyə” (1914) kitabları nəşr olunmuşdur. O dövrdə onun “Ya ölüm, ya Türkiyə” mənzuməsi çox məşhur idi.
Rəşid bəy Əfəndiyev və qardaşı Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdılar.
Əfəndizadə tərcümə ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və b.-nın şeirlərini ana dilimizə tərcümə etmişdir.
Abdulla bəy Əfəndizadə 1928-ci ildə Bakı şəhərində vəfat etmişdir.