Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS
Xəbərlər
8 Noyabr , 2017

Göyçayda «09 noyabr - Dövlət Bayrağı» və «12 noyabr – Konstitusiya» günləri münasibəti ilə elmi-praktik konfrans keçirilib

2017-11-08

09 noyabr- Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü Göyçay rayonunda da təntənə ilə qeyd edilib. Bu münasibətlə keçirilən elmi-praktik konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd edib ki, üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi olmaqla yanaşı, həm də bizim milli qürurumuz, milləti millət edən milli mənliyimizdir. O, üçrəngli dövlət bayrağının hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsi, paytaxtımızda möhtəşəm Dövlət Bayrağı Meydanının inşa edilməsi bayrağımıza olan böyük hörmət və ehtiramın nümunəsi kimi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, bu gün müstəqillik yollarında qətiyyətlə addımlayan ölkəmiz Prezident İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi sayəsində sürətli inkişaf mərhələsinə qədəm qoyub. Artıq iqtisadi inkişafın Azərbaycan modeli bir çox ölkələrə nümunədir. Qeyd edilib ki, üçrəngli dövlət bayrağı respublikamızın bütün dövlət qurumlarının və diplomatik nümayəndəliklərin binaları üzərində dalğalanır. Mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Sonra bayram marşı sıraları altında bayrağımız təntənə ilə mərasim zalına gətirilib və şagirdlərin ifasında bayrağa həsr olunan şeirlər səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı həmçinin bildirib ki, 12 noyabr 1995-ci il tarixdə ümumxalq referendumu əsasında qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğunun daim inkişaf etdirilməsinə tam təminat verir. Tarixə “Heydər Əliyev Konstitusiyası” kimi daxil olan Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi-demokratik dövlət quruluşuna və ölkə vətəndaşlarının geniş hüquq və azadlıqlarına dair müddəalar əksini tapıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanda demokratik cəmiyyətin təməlləri ildən-ilə möhkəmlənir.
Konfransda çıxış edən digər natiqlər Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasını və Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağının Qarabağda dalğalanmasını arzulayıblar.
Sonda bir qrup fəal şəxsə rayon icra hakimiyyəti başçısının xatirə hədiyyələri təqdim olunub.
Yekunda yerli musiqiçilərin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda mahnılar tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi bəxş edib.