Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS
Xəbərlər
30 Dekabr , 2016
YENİ İL BAYRAMI
Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır. Yeni ili bayram etməklə insanlar belə hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir.
Yeni ilin yanvarın 1-dən hesab olunması xristianlığın tarixi ilə bağlıdır. Rəvayətə görə, xristian dininin yaradıcısı İsa peyğəmbər dekabrın 24-də anadan olmuşdur. Ona görə də xristianlar bu günü İsa peyğəmbərin doğulması şərəfinə Milad bayramı kimi qeyd edirlər. Milad bayramının ilkin mənbəyi hər il qış günəş duruşu zamanı (21-25 dekabr) "xilaskar allahın doğulması" ilə əlaqədar keçirilən qədim bütpərəst mərasimi olmuşdur. Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmişdir. Bu bayram 431-ci ildə qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim adlanır. Bu təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır.
Yeni ilin rəmzlərindən biri də Şaxta babadır. Şaxta babanı müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlar. Məsələn, ABŞ-da və Avstraliyada o, Santa Klaus, Rusiyada - Ded Moroz, Türkiyədə - Noyel baba, Avstriyada - Sivestr, Britaniyada - Miladi baba, Yunanıstanda Müqəddəs Vasili adlanır. 
Bütün hallarda Şaxta baba uşaqların sevimlisidir. Yeni il gecəsində onlar evlərə heç vaxt əliboş gəlmirlər. Torbalarındakı müxtəlif hədiyyələrlə uşaqları sevindirirlər.
Dekabrın 31-i gecəsi insanlar bayram süfrəsi ətrafında toplaşırlar. Artıq həmişəlik vidalaşdıqları ilin son anlarında musiqini dayandıraraq sükut içərisində saat 12.00-ı gözləyirlər. İlin başa çatdığını göstərən saat zənginin təntənəli sədaları altında sağlıqlar söyləyir, sonra isə şampan şərabı ilə dolu qədəhləri toqquşdurur, yeni ildə bir-birinə xoş günlər və sağlamlıq arzulayırlar.
Böyük Britaniyada ənənəyə uyğun olaraq əllərini yuxarı qaldırır və "Mərhəmətli köhnə il" mahnısını oxuyurlar.
ABŞ-da da ilin son gecəsində şənlənir, ayağa duraraq sağlıqlar söyləyirlər. İtaliyada köhnə ili yola salarkən pəncərələri açır, evdəki köhnə əşyaları çölə atırlar. Bunun mənası isə köhnədən xilas olmaq, onu yenisi ilə əvəz etməkdən ibarətdir.
Çində yeni il yanvarın ortalarında və fevralda qeyd olunur. Bu, Çin bayramlarından ən əlamətdarıdır. Yeni ilə bir həftə qalmış bütün evlər səliqə ilə yığışdırılır. Guya bununla ailə ocağının ilahı (yəni allahı) Tszao-van digər allahlara mənzilin qaydada olması haqqında məlumat verir. Sonra isə onun təsvirini yandırırlar. Onun yerinə Tszao-vanın yeni təsvirini qoyurlar. Bu hadisəni atəşfəşanlıq keçirmək və ətirli maddələr yandırmaqla qeyd edirlər.
Yaponiyada yeni il O-seqaytsu adlanır və yanvarın 1-dən başlayaraq üç gün davam edir. Ailə ibadətgahının önünə çiçək dəstələri və hikmətli sözlər yazılmış lövhəciklər qoyurlar. Bayram ərəfəsində evləri yeni il atributları ilə bəzəyirlər: şam budaqlarından hörülmüş çələng, xüsusi formalı yeməli moti və danqo, quru xurma, xərçəng və s. Yeni ili qarşılayarkən paqodalarda (buddist məbədlərində) 108 dəfə zəng çalınır. Yaponların inamına görə insanın çəkdiyi 108 əziyyət son zəng ilə keçmişdə qalır. Bundan sonra yaponlar dağa və ya dəniz sahillərinə gedərək təzə doğan günəşi alqışlamaq ayinini icra edirlər.
Heç də bütün ölkələrdə yeni il yanvar ayında qeyd olunmur. Hindistanda yeni il bayramı elm və bilik ilahı (yəni allahı) Sarasvatinin şərəfinə Sarasvatipudca bayramı keçirilməsi ilə qeyd olunur. Bayram günlərində küçələrdə ilahın (yəni allahın) təsvirləri gəzdirilir, uşaqlar bu təsvirləri gül-çiçək dəstələri ilə bəzəyirlər. Onlar belə hesab edirlər ki, ilaha (yəni allaha) ibadət etməklə dərslərini yaxşı oxumaqda onun köməyini qazanacaqlar.
Yəhudilərin bayramı Tu Be-Svat və ya yeni il yanvarda və ya fevralda qeyd olunur. İsti və quru iqlimi olan ölkələrdə, xüsusilə İsraildə ağac insanları və bitkiləri yandırıcı günəş şüalarından qoruyur.
Buna görə də bu ölkələrdə ağaca böyük ehtiram vardır. Bütün dünyada yəhudi uşaqları Tu Be-Svat günü anadan olan uşaqların şərəfinə ağac əkirlər. Əgər yeni doğulan uşaq oğlan olarsa sidr ağacı, qız olarsa sərv ağacı əkirlər. Ağac əkilərkən uşaqlar xüsusi ayin də icra edirlər.