Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
9 Sentyabr , 2016

Göyçay rayonunun daha iki yaşayış məntəqəsinə təbii qaz verildi

2016-09-02

Sentyabr ayının 2-də Göyçay rayonun Yeniarx kəndində Çərəcə və Yeniarx kəndlərinə təbii qaz verilişinin bərpa edilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak etmişlər.
Mərasimdə Ağsu Regional Qaz İstismar idarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək bildirib ki, 162 abonenti olan Çərəcə kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 479 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 162 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 239 abonenti olan Yeniarx kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 20 826 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 20 000 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 239 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Hazırda Göyçay rayonunun daha 5 (Çaxırlı, Ləkçılpaq, Şəkər, Bəydövül və Çərəkə) kəndində  tikinti quraşdırma işləri davam etdirilir.Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kənd sakinlərini bu münasibətlə təbrik edib, dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycandakı inkişafın real mənzərəsini diqqətə çatdıraraq bunu düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, əsası Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft-qaz strategiyası bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən icra başçısı hər bir kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib. Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılmasının sırf sosial xarakter daşıdığını, dövlət başçısının tapşırığına əsasən 2018-ci ilədək respublikanın bütün yaşayış məntəqələrinin tam qazlaşdırılmasının qarşıya əsas vəzifə kimi qoyulduğunu qeyd edib.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, ziyalılar təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini və ölkə başçısı İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər. Sonra kəndə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb.