Göyçay rayon Mərkəzi Kitabxanası

Göyçay rayon MKS
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçay rayonuna səfəri
15 Oktyabr , 2015

     Dövlətimizin başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib.bildirildi ki, Göyçay şəhəri öz simasını sürətlə dəyişir. Xüsusilə son vaxtlar şəhərin ən görməli hissəsində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Mərkəzin yerləşdiyi ərazinin ümumi sahəsi 3 hektara çatdırılıb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib, mərkəzin qarşısında Ulu Öndərin ağ mərmərdən abidəsi ucaldılıb. Mərkəzin qarşısındakı ərazi başdan-başa abadlaşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri görülüb.Abidənin ətrafında yeni işıqlandırma sistemi qurulub, 500-dən artıq ağac, 10 mindən artıq gül və bəzək kolu əkilib, yaşıllıq zolağı salınıb. Parkda böyük monitor da quraşdırılıb. Burada ana və uşaq kafesi inşa edilib, uşaqlar üçün müxtəlif attraksionlar qurulub. Bir sözlə, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli imkan yaradılıb.

 

     

 İlham Əliyev Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub 

Prezident İlham Əliyev Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırılıb. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır.
Hər bir azərbaycanlı dövlət bayrağını özünün iftixar mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir.
Bildirildi ki, Göyçayda Bayraq Meydanının və Muzeyinin inşasına bu ilin aprelində başlanılıb. Muzeyin qarşısında hündürlüyü 66 metr olan bayraq dirəyi ucaldılıb. Burada dalğalanan bayrağın eni 12, uzunluğu isə 24 metrdir. Meydan dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb.
Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu.
Diqqətə çatdırıldı ki, muzeydə ölkəmizin tarixində mövcud olmuş dövlətlərin bayraqları, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının nümunələri sərgilənir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramı özündə əks etdirən tarixi fotolar böyük maraqla qarşılanır. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl məkanlarından birinə çevrilib.

 

 

         

 

 İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafı 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilib. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu baxımdan çox mühüm rol oynayıb. Hazırda həyata keçirilməkdə olan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsi də daim diqqətdə saxlanılır. Bu baxımdan bölgələrdə yaradılan gənclər mərkəzləri müstəsna əhəmiyyət kəsb edir.
Qeyd olundu ki, Göyçay Gənclər Mərkəzinin tikintialtı sahəsi 3400 kvadratmetr olan ikimərtəbəli binasının inşası yüksək zövq və keyfiyyətlə həyata keçirilib. Burada gənclər üçün hərtərəfli şərait yaradılıb. Binanın foyesində Ulu Öndərin büstü qoyulub, Ümummilli Liderin Göyçaya səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Mərkəzdə Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotoguşələr də var.
Burada rayon gəncləri boulinq zalı, qolf, intellektual oyunlar otaqları, kafe, rəqs studiyası, xarici dil kursları, rəsm, xalçaçılıq, poliqrafiya, heykəltəraşlıq dərnəkləri və fotostudiyaların xidmətindən yararlana biləcəklər. Mərkəzdə 60 yerlik böyük iclas və 15 yerlik konfrans zalları var. Bu zallarda rayon gənclərinin müxtəlif tədbirləri keçiriləcək.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

       

      

                                                     

İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb

Dövlət başçısı əvvəlcə “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi ilə tanış oldu.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
“Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrasına 2008-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə üç subartezian quyusu qazılıb, sugötürücü kamera və xlorator binası, hər birinin həcmi 2000 kubmetr olan iki anbar inşa edilib. Eyni zamanda, “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün yeni ofis binası və istehsalat bazası inşa edilib, zəruri maşın və mexanizmlər alınıb.
Diqqətə çatdırıldı ki, “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsinin icrasına isə 2012-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə iki subartezian quyusu qazılıb. Gələcəkdə daha üç quyunun qazılması nəzərdə tutulur.
Görülən işlər çərçivəsində artezian zonasında hər birinin tutumu 500 kubmetr olan iki anbar tikilib, buradan şəhərə qədər 5,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Layihə çərçivəsində inşası nəzərdə tutulmuş 147 kilometr uzunluğunda içməli su şəbəkəsinin tikintisi tam yekunlaşıb, 9761 ünvana birləşmə verilib. Hər bir abunəçi smart tipli sayğacla təmin olunub. Hazırda şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin edilir.
Şəhərin kanalizasiya infrastrukturunun yenidən qurulması işləri çərçivəsində layihələndirilmiş 123 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin inşası da başa çatdırılıb. Göyçay şəhərində tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 20 min kubmetr olan qurğu tikiləcək. Layihənin icrası 2016-cı ildə tam başa çatdırılacaq.
Qeyd edildi ki, Göyçay şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1930-1970-ci illərdə mərhələlərlə yaradılıb və istismara yararsız vəziyyətdə idi. Yeni layihə icra olunana qədər abonentlərə içməli su sutkada 1 saat olmaqla qrafiklə verilirdi.
Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonra xatirə şəkli çəkdirildi.

       

       

 İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var.
Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Mərkəzi xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir. Xəstəxananın laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib. Bu tibb müəssisəsi müasir kompyuter-tomoqrafiya, qrafik və skopik rentgen, rəqəmsal flüoroqrafiya aparatları ilə təchiz olunub. Buradakı ultrasəs müayinə, süni nəfəs və narkoz, fizioterapiya və tibbi bərpa, otolarinqologiya, stomatologiya və oftalmologiya aparatları dünyanın aparıcı ölkələrində istifadə edilən tibbi avadanlıqdır. Xəstəxananın müasir reanimasiya və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.
Bütün bunlar göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıq ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
Xəstəxana ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

      

                                

 

 İlham Əliyev Göyçayda Şahmat Məktəbinin açılışında iştirak edib

Dövlət başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda şahmatın qədim ənənələri var. Bu ənənələrin davamı olaraq ölkəmiz dünya şahmat arenasında həmişə mühüm nailiyyətlər əldə edib. İdmanın bu müdrik növü ilə məşğul olanlarda düşünmək, hadisələri qabaqlamaq və düzgün qiymətləndirərək, onları proqnozlaşdırmaq qabiliyyəti daha üstün olur. Məhz bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində respublikamızın əksər rayonlarında şahmat məktəbləri tikilib. Bu, ölkəmizdə şahmatın kütləvi xarakter almasında həlledici rol oynayıb.
Müstəqilliyimizin ilk illərində həmin məktəblərin əksəriyyəti yararsız hala düşüb. Lakin 1993-cü ildən sonra ulu öndər Heydər Əliyev, 2003-cü ildən sonra isə Prezident İlham Əliyev yeni şahmat məktəblərinin inşasına xüsusi diqqət yetiriblər. Gənclərin istifadəsinə verilən şahmat məktəbləri bütün zəruri avadanlıqla təchiz edilir, onların idmanın bu qədim növünün sirlərinə yiyələnmələri üçün maksimum şərait yaradılır. Göyçayda yüksək zövqlə inşa edilən Şahmat Məktəbi də bu qəbildəndir.
Məktəbin binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərində, dövlətimizin başçısının müxtəlif regionlarda şahmat məktəblərinin açılışlarında çəkilən fotoları nümayiş olunur.
Bildirildi ki, Göyçay Şahmat Məktəbinin binası 1983-cü ildə istifadəyə verilib. Ötən ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı da müasirliyi ilə diqqəti cəlb edir. ikinci mərtəbədə dörd sinif otağı yaradılıb. Məktəbin məzunlarının və şagirdlərinin müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları kuboklar, layiq görüldükləri fəxri fərmanların nümayiş olunduğu guşə də xüsusi maraq doğurur.
Qeyd edildi ki, hazırda məktəbdə təhsil alan 251 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir. Məktəbin orijinal dizaynı şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Burada yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.
Sonda məktəbin müəllim və şagirdləri dövlət başçısı ilə xatirə şəkli çəkdirdilər.

      

                                                      

 

 

" style="font-family:'arial'">İlham Əliyev Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib 

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Partiya ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması cəmiyyətdə bu siyasi quruma olan hörmət və inamdan qaynaqlanır. Ümumi məqsədlər və amallar naminə fəaliyyətdə partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün inşa olunan inzibati binalar müasirliyi ilə seçilməklə yanaşı, həm də yerləşdiyi şəhərin, rayonun gözəlliyinə əlavə çalarlar qatır. Bu binalarda səmərəli işləmək üçün maksimum şərait yaradılır. Partiyanın Göyçay rayon təşkilatının yeni inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti ikimərtəbəli binada yaradılan şəraitlə tanış oldu.
Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin bu siyasi qurumun fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərdə çəkilmiş fotolarından ibarət stend quraşdırılıb. Dövlətimizin başçısının rayona səfərləri zamanı çəkilən fotolar da burada nümayiş etdirilir.
Binada akt zalı, elektron kitabxana, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.
Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının 7663 üzvü var. Onların 4378-i qadın, 3006-sı isə gəncdir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində fəal iştirak edirlər.

 

       

 

İlham Əliyev Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışında iştirak edib

Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.
Açılışda Prezident İlham Əliyev iştirak edib.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində qayğı gündən-günə güclənir və bu sahədə çalışanların iş şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılıb, çoxlu mədəniyyət və incəsənət obyekti tikilərək istifadəyə verilib. Göyçayda inşa olunmuş uşaq musiqi məktəbinin binası da bu sırada mühüm yer tutur.
Hələ kiçik yaşlarından uşaqların incəsənətin bu növünə marağını artırmaq, onların musiqi intellektini istədikləri istiqamətə yönəltmək məqsədilə zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, həmçinin bu sahəyə göstərdikləri diqqət və qayğını nümayiş etdirən fotolar var. Binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.
Qeyd edildi ki, məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.