Şuşa şəhərinin tarixi
Qarabağ
Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi
və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar
diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malik xalçaları, Midiya
dağ atları – Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən ipəyi,
zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi
suları ilə də məşhurdur. Sərt dağlar, sıx meşələrlə əhatələnən və
toponimikası Azərbaycan dilində «qara bağ», böyük bağ» kimi yozulan bu
diyarın paytaxtı isə qədim Pənahabad – Şuşa şəhəri olmuşdur Şuşa
şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə
bura qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci
yarısı – birinci minilliyin əvvəlləri) daxil olan ən qədim yaşayış
yerlərindən birində yaranmış və daimi insan məskəninə çevrilmişdir. Şuşa
ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki
Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim
insan düşərgələrindən biri olduğunu sübut edir.
Dəniz
səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin
cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX
əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji
qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar
olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya
dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz
hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir. Eramızın
II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus
(Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın
dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir.
Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı
olduğu üçün onu «Şuşa» (şüşə – glass) adlandırmışlar.
Düzənli-dağlı
Qarabağ üçün, bütün Azərbaycan ellərindən ötrü uzun tarixi dövr ərzində
uca, dağlar başında şəfalı bir yaylaq yeri olan Şuşa el arasında,
xalqın təfəkküründə və ədəbiyyatında Şüşə adı ilə də məşhur olmuşdur.
XVIII əsrin ortalarına yaxın Azərbaycan ərazisində müstəqil xanlıqlar
dövrü başlandıqda qədim yurd yeri olan Şuşa yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur.Qarabağ hökmdarı Pənahəli xan
ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində
müdafiə qurğularının tikintisinə başlamışdır. 1748-ci ildə Bayat
qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin,
Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı,
üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ
yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz
banisinin adı ilə «Pənahabad», sonralar isə «Şuşa» adlandırılmağa
başlandı.
Şuşa
qalasının təməli, tarixi Azərbaycan ərazisindəki dövlətlərindən biri
olan Qarabağ xanlığının hökmdarı, əslən qarabağlı olan Pənahəli xan
Cavanşir tərəfindən qoyulmuşdur. 1747-ci ildə İran hökmdarı Nadir şah
Əfşarın ölümündən sonra Pənahəli bəy özünü bu torpaqların xanı elan edir
və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl
qala tikdirməyi qərara alır.
Şuşa
qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir. Azərbaycan
Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının
yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə
monqolların basqını nəticəsində dağıdıldığını müəyyən etmişlər.
Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir Qarabaği Pənahəli xanın
Qarabağ torpağını qorumaq məqsədilə Şuşa qalasını ucaltması barədə
yazarkən həmin şəhər qalıqlarını da xatırladır: «Xanın bir neçə nəfər
bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladılar.
Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu
isə qala camaatına kifayət etməzdi. Ona görə, quyu qazdırıb, müəyyən
elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu
xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə öz yaxın
adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın təməlini qoydu».
Bu
onu göstərir ki, Şuşa Azərbaycanlıların qədimdən yaşadığı ərazidə
mövcud olan qala tikilisinin yerində ucaldılmışdır və söhbət qalanın
yeni inşasından deyil, onun daha da gücləndirilməsindən və
abadlaşmasından gedir.“Qədim” və “Yeni Şuşa”dan
ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar
yaşamışlar. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və
beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına
çevrildi və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı
olmuşdur.Pənahəli xan şəhəri bina edəndən
dərhal sonra dövlət atributlarından biri olan Qarabağ xanlığının pul
vahidi “Pənahabadi” adlı sikkə kəsdirməyə başladı. Bu sikkələr xalq
arasında “pənabad” adlandırılırdı. Bu, bir misqal vəznində, çar
Rusiyasının köhnə gümüş pulu ilə 15 qəpik dəyərində və İran pulu ilə
yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə “Pənahabadi”, o biri
üzündə isə “Lə ilahə illəllah, Mühəmmədin rəsullullah” sözləri
yazılmışdı.