Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
23 Avqust , 2016
Azərbaycan Respublikası Prezidentinin və yüksək vəzifəli şəxslərin təhlükəsizliyini, ali dövlət hakimiyyət orqanlarının mühafizəsini təmin etmək məqsədi ilə 1993-cü il avqustun 23-də Prezident Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılmış, sonradan isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti kimi fəaliyyətini davam etdirmişdir. Ötən dövr ərzində Xüsusi Dövlət Mühafizə Xidmətinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülmüşdür. Xidmətin ayrılmaz hissəsi olan Milli Qvardiya müasir standartlara uyğun olaraq yenidən qurulmuş, şəxsi heyətin hərbi-döyüş qabiliyyəti artırılmış, mənəvi-psixoloji hazırlığı və nizam-intizam yüksək səviyyədə təşkil edilmişdir. Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmış və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin yerinə yetirdiyi vəzifələrin əhatə dairəsini və mürəkkəbliyini, dövlətçiliyimizin qorunmasında rolunu, Azərbaycan dövlətinə, xalqına, Azərbaycan Respublikasının Prezidentinə sadiq, layiqli və qüsursuz xidmətini nəzərə alaraq, Xüsusi Dövlət Mühafizə Xidmətinin yaradılması tarixini əbədiləşdirmək və sədaqətli xidmət ənənələrini yaşatmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamı ilə hər il avqustun 23-ü Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.