Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Göyçay rayon MKS
Xəbərlər
29 İyun , 2016

Göyçayda «Azərbaycan innovativ inkişaf yolunda: reallıqlar və perspektivlər» mövzusunda müşavirə keçirilmişdir

2016-06-29

2016-cı ilin iyun ayının 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan innovativ inkişaf yolunda: reallıqlar və perspektivlər” mövzusunda müşavirə keçirilmişdir.
Müşavirənin işində Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və Milli Məclisin deputatı Elman Nəsirov iştirak etmişlər.  Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə açaraq bildirdi ki, ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modulunu formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mühüm yer tutur. Bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla gerçəkləşdirilən iqtisadi islahatlar və elmi əsaslara söykənən mütərəqqi inkişaf strategiyası Azərbaycanın özünəməxsus inkişaf modelinə, idarəçilik təcrübəsinə beynəlxalq aləmdə marağı daha da artırır.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə müstəqil Azərbaycanın 25 il ərzində əldə etdiyi iqtisadi uğurlardan bəhs edərək məlumat verib ki, əgər 2001-ci ildə ölkəmizdə yoxsulluğun səviyyəsi 51 faiz təşkil edirdisə, indi bu göstərici 5 faizdir. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard manat investisiyanın qoyulduğunu bildirən komitə sədri həyata keçirilən məşğulluq siyasətinin əhəmiyyətini də vurğulayıb. Komitə sədri Göyçayın iqtisadi potensialından söz açaraq, əmək məhsuldarlığının və əhalinin pul gəlirlərinin artırılması, kənd təsərrüfatı üzrə ixtisaslaşmanın aparılması, sənaye strukturunun təkmilləşdirilməsi, islahatların daha innovativ və mütərəqqi üsullarla həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Rayonun növbəti illər üçün inkişaf proqramının hazırlanması üçün tövsiyyələrini verib.
Milli Məclisin deputatı Elman Nəsirov öz çıxışında vurğulayıb ki, qlobal iqtisadi böhran şəraitində Azərbaycan sosial-iqtisadi inkişaf tədbirlərini uğurla davam etdirir. Milli Məclisin deputatı istehsal ənənələrinin bərpası, satınalma-tədarük məntəqələrinin yaradılması məqsədilə atılan addımlardan danışıb.
Sonda müşavirədə sosial evlərin tikintisi, ipoteka kreditlərinin verilməsi, torpaqlarda meliorasiya və irriqasiya tədbirlərinin aparılması, peşə təhsili, mütərəqqi suvarma sistemindən istifadə ilə bağlı təkliflər səsləndirilib.